Ramon Kalderon: “Messini “Real”da qucaq açıb qarşılayarlar”

“Real”ın keçmiş prezidenti Ramon Kalderon PSJ-nin hücumçusu Lionel Messinin “Kral Klubu”nda mümkün gələcəyi haqda danışıb.

Arena.az “Sportskeeda”ya istinadən bildirir ki, Kalderon “Real” və azarkeşlərinin də argentinalı ulduzu isti qarşılayacağından əminliklə söz açıb:

“Mən Messi ilə müqavilə imzalamağa cəhd edərdimmi? Əlbəttə, o, əvvəlki kimi peşəkar oyunçudur. Onun yüksək səviyyədə oynamaq üçün hələ iki ili də var. Bu, elə bir oyunçudur ki, onu həmişə yanında saxlamağa çalışmaq gərəkdir. Dahi oyuçular hara istəslər, ora da gedirlər. Mən əminəm ki, “Real”da onu qucaq açıb qarşılayarlar”.

Qeyd edək ki, bir müddət əvvəl Messinin mövsümün sonunda PSJ-ni tərk edəcəyi ilə bağlı məlumat yayılmışdı. Argentinalı hücumçunun karyerasını “Əl-Hilal”da davam etdirəcəyi ehtimal edilir. Səudiyyə Ərəbistanı klubu onun ilinə 300 min avro təklif edir.

“Real”ın əzəli rəqibi “Barselona”nın yetirməsi olan, uzun illər bu klubla müxtəlif titullara və rekordlara imza atan Messi 2021-ci ildən PSJ-də çıxış edir. Klubun futbolçu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Cari mövsümdə hücumçu bütün turnirlər daxil olmaqla 39 dəfə parislilərin heyətində meydana çıxıb. O, bu oyunlarda 20 qol vurub, bir o qədər də məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Ramon Kalderon 2006-cı ilin iyul ayından 2009-cu ilin yanvar ayına kimi “Real”a prezidentlik edib. “Real”ın futbol komandası onun dövründə iki dəfə (2006/2007 və 2007/2008 mövsümlərində) İspaniya çempionu olub, İspaniya Super Kubokunu qazanıb – 2008-ci ildə. Madrid klubunun basketbol komandası da Kalderonun dövründə iki titul qazanıb.