Ran Kojux: “Evdə oynamaq “Sabah” üçün üstünlükdür”

“Hapoel”in (Beer-Şeva) baş məşqçisi Ran Kojux Çempionlar Liqasının pley-offunda “Sabah”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Arena.az xəbər verir ki, İsrail və Azərbaycan çempionları sabah Bakıda üz-üzə gələcəklər.

Bu komandaların səfərdə baş tutmuş ilk oyunu “Sabah”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ran Kojux bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Hazırlığımız hər oyun öncəsi olduğu kimi keçib. İlk matçdan sonra rəqibi daha dərindən analiz etdik. “Sabah”la bağlı kifayət qədər araşdırma aparmışıq. Heyətdəki bütün futbolçularımız oyuna hazırdırlar.

“Sabah”da ehtiyat etdiyimiz birdən çox futbolçu var. Öz futbolumuzu onlara qəbul etdirməyə və üstün olduğumuz məqamlarda rəqibi dayandırmağa çalışacağıq. Onların bu səviyyəyə uyğun, keyfiyyətli oyunçuları var və onları zərərsizləşdirməliyik”.

Ran Kojux ilk oyundakı bəzi təhlükəli məqamlardan nəticə çıxardıqlarını bildirib:

“Əvvəlki matçın mühüm hissələrində üstün tərəf biz idik. Amma “Sabah”ın çox təhlükəli olduğu anları da yaxşı bilirik və bu məqamlara xüsusi diqqət yetirməliyik. Evdə oynamaq “Sabah” üçün üstünlükdür və biz bunun öhdəsindən gəlməliyik. Hər oyunda səhvlər olur, bizim məqsədimiz isə onları minimuma endirməkdir”.

İsrailli mütəxəssis komandasının əsas hədəfinin Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək olduğunu qeyd edib:

“Bütün enerjimizi bu oyunda uğur qazanmağa və Çempionlar Liqasının bir hissəsi olmağa sərf edirik. Artıq hər cür çətinliyin öhdəsindən gələ biləcəyimizi sübut etmişik. Böyük uğura imza atmağa çalışacağıq”.

“Öz gücümüzə inanırıq” – “Hapoel”in qapıçısı

“Hapoel”in qapıçısı Ofir Marsiano da “Sabah”la oyundan əvvəl fikirlərini bölüşüb. Qolkiper Bakıdakı qarşılaşmaya tam hazır olduqlarını bildirib:

“Özümüzü yaxşı hiss edirik və oyuna tam hazırıq. Bu qarşılaşmanın əhəmiyyətini və nə etməli olduğumuzu anlayırıq. Güclü rəqiblə qarşılaşacağıq. “Sabah”a hörmətlə yanaşırıq, amma öz gücümüzə inanırıq. Meydana maksimum konsentrasiya ilə çıxmalı, oyunun vacib məqamlarını düzgün dəyərləndirməliyik. Bəlkə də şablon səslənir, amma meydanda əlimizdən gələnin ən yaxşısını etməli və dəqiq oynamalıyıq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Marsiano Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməyi böyük arzu adlandırıb:

“İnsanın həmişə arzuları olur. Çempionlar Liqasına yüksəlmək mənim və klubdakı hər kəsin həyatındakı ən xoşbəxt anlardan biri ola bilər. Amma biz hələ yolun yarısındayıq. İlk oyundakı 2:1 hesablı qələbədən sonra böyük bayram etmədik. Cavab oyunlarının nə qədər vacib olduğunu anlayırıq. İlk görüşdə qalib gəldiyimiz üçün sevinirik, amma işimiz hələ bitməyib”.

Xatırladaq ki, “Sabah” – “Hapoel” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: