“Real” PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappe ilə müqaviləni iyulun 1-dən 7-nə qədər müddətdə bağlayacaq.
Arena.az bu barədə jurnalist-insayder Fransua Qallardoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Fayza Lamari – Kilianın anası və nümayəndələrindən biri, eləcə də onun əməkdaşları transferin son şərtlərini razılaşdırmaq üçün Madridə gələcəklər.
Daha əvvəl bildirilmişdi ki, 2017-ci ildə “Real” “Monako”ya fransız ulduzu 160+20 milyon avro məbləğində satın almaq təklifi ilə müraciət etmişdi. Amma PSJ sövdələşməyə müdaxilə edərək, oxşar şərtlər təklif etmişdi və üstəlik Kilianın komandada vacib oyunçu olacağı vədini ortaya qoymuşdu. Mbappe ailəsinin fikrincə, bu, “Real”da baş verə bilməzdi. Beləcə, PSJ hücumçunu bir illik icarəyə götürüb 2018-ci ildə onun transferini 180 milyon avroya satın almışdı.
Kilian Mbappe geridə qalmış mövsümdə PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, turnirin ən sərrast futbolçusu və ən yaxşı oyunçusu olub.
“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


