PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappenin Fransa nəhəngindən ayrılaraq “Real”a keçid ehtimalı daha yüksəkdir.
Arena.az məlumat verir ki, “Real”ın doğma evi, “Santyaqo Bernabeu” stadionunda pərakəndə satış məntəqələrində üzərindən Kilian Mbappenin təsviri olan şərflər satılır.
Sosial şəbəkələrdə bu şərflərin şəkilləri də paylaşılıb.
Xatırladaq ki, daha əvvəl 25 yaşlı Kilian Mbappenin “Real”la müqaviləsinin son təfərrüatını razılaşdırdığı bildirilirdi. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək və elə həmin gün də elan ediləcək. Hazırda “Kral klubu”nun yaxın həftələrdə transferi tamamlamaqla məşğul olacağı vurğulanır.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 32 qol vurub, 7 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.



