“Real” Mbappe ilə bağlı PSJ ilə bütün əlaqələrini təkzib edir

“Real” hazırda PSJ-nin və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe ilə bağlı Paris klubu ilə danışıqlar aparmır.

Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Real” nə PSJ rəhbərliyi, nə də futbolçunun özü ilə transfer haqda hansısa danışıq aparır. Ulduz futbolçu ətrafında yaranmış mövcud vəziyyət Madrid klubu üçün sərfəlidir. Çünki həm Mbappe, həm də Paris klubunun rəhbərliyi gündən-günə artan təzyiqlər altındadır və bu, ulduz futbolçunun satış qiymətinin aşağı düşməsinə kömək edə bilər. Eyni zamanda, “Kral klubu”nun rəhbərliyi Mbappeni bu yay transfer edəcəyi halda, sövdələşməyə 400 milyon avrodan çox xərc çəkəcəyini təxmin edir ki, bu məbləği də qaldırmaq hazırda madridlilərin imkanları xaricindədir.

“Real” rəhbərliyi ulduz futbolçunun bu məqamda gəlişinin komandanın paltardəyişmə otağındakı daxili ab-havaya mənfi təsir göstərə biləcəyini hesab edir. Beləliklə, klubun indiki taktikası 24 yaşlı ulduz futbolçu ətrafında hadisələrin inkişafını gözləmək və vəziyyəti izləməkdən ibarətdir.

Geridə qalmış 2022/2023 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və ən yaxşı oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: