PSJ-nin ulduz hücumçusu Kilian Mbappe və “Real” arasında futbolçunun İspaniya klubuna transferi ilə bağlı razılıq əldə olunub.
Arena.az bu barədə “Footmercato”ya istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, futbolçu indiki klubu ilə cari müqaviləsi 2024-cü ilin yayında başa çatdıqdan sonra Fransa nəhəngndən azad agent kimi ayrılıb Madrid təmsilçisinə keçəcək. Artıq tərəflər bununla bağlı razılığa gəliblər.
Mənbənin sözlərinə görə, Kilian Mbappe də öz növbəsində Parisdə daha bir il qalacağından məmnundur. 2024-cü ilə qədər qalarsa, sentyabrda Mbappeni 90 milyon avro məbləğində loyallıq bonusu gözləyir.
Daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-ni tərk edə biləcəyi bildirilirdi. Fransız ulduzun karyerasını davam etdirmək variantlarından ən əsası “Real” hesab edilir. Onun PSJ ilə mövcud müqaviləsi 2024-cü ilin 30 iyununa qədərdir.
Kilian Mbappe ötən mövsüm PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla milli çempionatın ən sərrast futbolçusu və ən yaxşı oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


