Renat Dadaşov üçün yeni baş məşqçi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bundan sonra İsveçrə “Qrasshopper”ində yeni baş məşqçinin rəhbərliyi altında oynayacaq.

Arena.az xəbər verir ki, elita təmsilçisi 2022/2023 mövsümü bitən kimi baş məşqçisi Corcio Kontini ilə yollarını ayırıb.

Həm İtaliya, həm də İsveçrə vətəndaşlığı olan Kontini ilə müqavilənin müddəti bu ayın sonunda başa çatacaq. Klub rəhbərliyi onunla yeni sözləşmə imzalamaq istəməyib. Bu üzdən də ona xitmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Corcio Kontini 2021-ci ilin iyul ayından “Qrasshopper”ə rəhbərlik edirdi. 49 yaşlı mütəxəssis bu komandanı 77 oyuna çıxarıb. Futbolçumuzun komandası bu görüşlərdə 24 qələbə qazanıb, 21 heç-heçə edib və 32 məğlubiyyətə üzülüb.

“Qrasshopper”in yeni baş məşqçisi də müəyyənləşib. Klub rəhbərliyi bu posta Bruno Berneri gətirib. İsveçrədən olan 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun müqaviləsi iyulun 1-dən qüvvəyə minəcək.

Bruno Berner vaxtilə futbolçu kimi “Qrasshopper”də çıxış edib, 2 dəfə ölkə çempionu olub. O, məşqçilik karyerasının ilk illərində “Tuggen”, “Kriens” kimi klublarda baş məşqçi olub, İsveçrənin U-19 və U-20 yığmalarına rəhbərlik edib. Berner 2022-ci ilin iyul ayından “Vintertur”da çalışırdı. Onun bu klubla müqaviləsi 2024-cü ilin 30 iyununa kimi olsa da, tərəflər bu sözləşməyə xitam veriblər. “Vintertur” bu mütəxəssisin rəhbərliyi altında 39 oyuna çıxıb. 10 qələbə qazanan komanda 8 heç-heçə edib, 21 məğlubiyyətə üzülüb.

Geridə qalan mövsümdə “Vintertur” 32 xalla 9-cu, “Qrasshopper” isə 44 xalla 7-ci yeri tutub. Renat Dadaşov isə mövsüm ərzində 39 oyuna çıxıb, 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ilin iyul ayından bu komandanın uğurları üçün çalışır.