İspaniyanın “Real” klubu braziliyalı yarımmüdafiəçisi Reynier Jezus ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Madrid təmsilçisi 20 yaşlı vingeri “Jirona”ya icarəyə verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçunun 2022/23 mövsümünün sonuna kimi icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.
“Flamenqo”nun yetirməsi olan Reynier Jezus “Real”a 2020-ci ildə 30 milyon avro qarşılığında transfer olunub. O, hələ Madrid təmsilçisinin əsas komandasında debüt şansı qazanmayıb. Çünki braziliyalı futbolçu son iki ili Almaniyanın “Borussiya” (Dortmund) klubunda icarədə keçirib. Brazuliyanın U-23 yığmasının üzvü Bundesliqa klubunda 39 oyuna 1 qolla yadda qalıb.

“Jirona” “Leqanes”dən müdafiəçi Xavi Ernandesi də icarəyə götürüb. İspaniyadan olan 24 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə oynayacaq. Madrid “Real”ının yetirməsi olan mərkəz müdafiəçisi 2020-ci ildə paytaxt klubundan ayrılaraq “Leqanes”ə keçmişdi. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 77 oyuna çıxıb. Xavi “Real”da olduğu dönəmdə “El Exido” və “Ovyedo”da icarədə də olub.



