Rikkardo Kalafyori yenidən İtaliyaya qayıtdı

Futbol üzrə İtaliyanın U-21 yığmasının və İsveçrənin “Bazel” klubunun sol cinah müdafiəçisi Rikkardo Kalafyori “Bolonya”ya keçib.

Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan futbolçunu 4 milyon avro qarşılığında heyətinə qatıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanb.

Rikkardo Kalafyori “Roma”nın yetirməsidir. O, “Bazel”ə ötən ilin yayında 2,6 milyon avro qarşılığında məhz “Roma”dan keçmişdi. Müdafiəçi “Roma” və “Bazel”dən başqa qısa müddət “Cenoa”da da icarədə olub.

“Bolonya” İngiltərənin “Lester Siti” klubunun sol cinah müdafiəçisi Viktor Kristianseni də heyətinə qatıb. İtaliya klubu 20 yaşlı danimarkalını mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Onun 1 illik icarəsi üçün 1 milyon avro ödənilib.

Danimarkanın “Kopenhagen” klubunun yetirməsi olan Viktor Kristiansen “Lester Siti”yə bu ilin yanvarında 14 milyon avro qarşılığında keçmiş və 5 illik müqaviləyə imza atmışdı. O, bu il Danimarka yığmasında da debüt edib.

“Bolonya” üç futbolçusu ilə də vidalaşıb. İtaliya klubu qambiyalı sol cinah vingeri Musa Barrounu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Tavun” satıb. Bolonyalılar bu satışdan 8 milyon avro qazanıblar. 24 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Qambiya yığmasında 32 oyuna 5 qol vurmuş futbolçu “Bolonya”dan öncə “Atalanta”nın da formasını geyinib.

Emanuel Vinyato da “Bolonya”nı “Piza”ya dəyişib. Klub 23 yaşlı sağ cinah vingerini 500 min avroya satıb. İtalyan futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Kyevo” və “Empoli”də də forma geyinib, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

“Bolonya”nın uruqvaylı mərkəz müdafiəçisi Xoakin Sosa da Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçib və azərbaycanlı Mahir Emreliyə komanda yoldaşı olub. Xorvatlar 21 yaşlı futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: