Riolo: “Mbappeni daha futboçu adlandırmaq olmaz”

Məşhur fransız jurnalist Daniel Riolo “Real”ın və Fransa yığmasının hücumçusu Kilian Mbappeni cari mövsümdəki çıxışına görə tənqid edib.

Arena.az fransız jurnalistin bu barədə qənaətini təqdim edir:

“Bu adam tamamilə ağlını-başını itirib. Hətta penaltiləri necə yerinə yetirməsi də sadəcə dəhşətlidir. Hazırda Mbappe o qədər pis vəziyyətdədir ki, onu artıq futbolçu adlandırmaq olmaz. O, sağlam deyil. Meydanda heç nə etmir, heç nəyə nail olmur, hətta adicə qaça və ya hərəkət edə də bilmir. O, həqiqətən də yuvarlanıb, dibdədir.

Nə vaxtsa bir oyunçunun belə yoxa çıxdığını heç görmüşdünüz? O, mənəvi cəhətdən o qədər zədələnib ki, meydanda hərəkət edə də bilmir. Nə qədər irəli getsə, artıq, bədəninin futbol oynamaq istəmədiyi görünür. Məndə elə təəssürat yaranır ki, hər şey bitib, onun odu-alovu sönüb”, deyə Riolo fikrini bədbin ruhda tamamlayıb.

Xatırladaq ki, Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin “Liverpul”la 5-ci tur səfər oyununda vacib bir məqamda penaltini qaçıraraq, “Real”ın 0:2 hesablı məğlubiyyətində pay sahibi olub.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 18 oyuna 9 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.