Robert Levandovski – 600-cü qolu vurmuş üçüncü futbolçu

Futbol üzrə Polşa yığmasının hücumçusu Robert Levandovski 21-ci əsrdə 600-cü qolunu vurmuş üçüncü futbolçu olub.

Arena.az xəbər verir ki, Levandovski bu nailiyyətinə Moldova yığmasına qarşı oyunda imza atıb.

Bununla da o, Kristiano Ronaldo və Lionel Messidən sonra bunu bacarmış üçüncü futbolçuya çevrilib.

Robert iyunun 20-də AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Moldova yığması ilə ilə oyunda komandasının ikinci qolunu vurmaqla tarixə düşüb. Ancaq bir məqam Levandovskinin bayram əhvali-ruhiyyəsini korlayıb: Polşa yığmasının səfərdə iki top fərqi ilə üstün olduğu oyun sonda Moldova yığmasının qələbəsi ilə başa çatıb – 3:2.

Robert ilk qolunu 2008-ci ilin iyulunda Poznan “Lex”inin heyətində yüksək dizvizionda debüt oyununda vurub.

Levandovski üçün 600 qola çatmağa təxminən 15 il gərək olub. Beləliklə, Robert karyerası boyunca ildə orta hesabla 40 qol vurub.

Levandovskinin 2008/2009 mövsümünə qədər aşağı səviyyəli Polşa komandalarına vurduğu qollar (48 qol aşağı divizionda, 4 qol ölkə kubokunun ilkin mərhələsində) hücumçunun qol siyahısına daxil edilməyib.

Maraq üçün qeyd edək ki, Kristiano Ronaldo 600-cü qolunu 3 iyun 2017-ci il, Lionel Messi isə 4 mart 2018-ci il tarixində vurub.

Onu da qeyd edək ki, Levandovskinin karyerasının ilk qolu Azərbaycan komandasına qarşı görüşə təsadüf edib. Belə ki, o, 2008-ci ildə “Lex”in heyətində UEFA Kubokunda (indiki Avropa Liqası) “Xəzər Lənkəran”la matçda “siftə” edib.

Sonda Levandovskinin əlamətdar qollarının siyahısını təqdim edirik:

1-ci qol. “Lex”in heyətində “Xəzər Lənkəran”la oyunda

100-cü qol. “Borussiya”nın (Dortmund) heyətində “Şalke” ilə oyunda

200-cü qol. Polşanın heyətində Cəbəllütariqlə oyunda

300-cü qol. Polşanın heyətində Rumıniya ilə oyunda

400-cü qol. “Bayern”in heyətində “Leypsiq”lə oyunda

500-cü qol. “Bayern”in heyətində “Borussiya” (Mönhenqladbax) ilə oyunda

600-cü qol. Polşanın heyətində Moldova ilə oyunda

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: