“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski Kataloniya klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən, polyak hücumçunun bu xüsusda cavabını diqqətinizə çatdırır:
“Mənə hər şey aydındır, gələn mövsüm “Barselona”da qalacağam. Bir an kimsə bir şey yazır, ertəsi gün tamamilə əksini yazır, amma mənim üçün hər şey aydındır”, deyə Levandovski cavblayıb.
Polyak hücumçu PSJ-nin fransalı ulduzu Kilian Mbappenin “Real”a mümkün keçidini də şərh edib:
“Bildiyim qədər, hələ də rəsmi təsdiq yoxdur. Amma onun mümkün gəlişinə çox müsbət yanaşıram. La Liqada ona qarşı oynamaq əla olar. Müqaviləni imzalasa, nikbin olaram”.
Xatırladaq ki, daha əvvəl mətbuatda, Kataloniya klubunun rəhbərliyinin 35 yaşlı veteran futbolçunu gələn yay Səudiyyə Ərəbistanı klublarından birinə satmaq seçimini araşdırdığı barədə məlumatlar yayılmışdı.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 38 oyunda 19 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 146 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


