“Barselona”nın polyak hücumçusu Robert Levandovski sol ayağının topuq oynağındakı burxulma səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.
Arena.az bu barədə “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, Levandonski “Barselona”nın Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Portu”ya qarşı oyunda (1:0) zədələnərək, 36-cı dəqiqədə yerini Ferran Torresə vermişdi. Öz növbəsində Torres kataloniyalıların qələbə qolunun müəllifi olmuşdu.
Hazırda, tibbi müayinənin nəticələri hücumçunun meydana qayıdışına müddət qoymağa tələsmir.
Robet Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Robert Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib. Yenicə başlamış cari mövsümdə isə polyak hücumçu 9 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava), “Delta” komandalarında da çıxış edib.
Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 144 oyun keçirib, 81 qol vurub, 31 məhsuldar ötürmə verib. Hər iki göstərici üzrə Levandovski Polşa yığmasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.


