Roberto Martines: “Komanda öz işinə tam sadiqdir”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın 1/16 final mərhələsində Xorvatiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra komandasının təcrübəli və keyfiyyətli heyətə malik olduğunu bildirib.

İspaniyalı mütəxəssis xüsusilə kapitan Kristiano Ronaldonun penalti ustalığını vurğulayıb:

“Heyətimizdə müxtəlif keyfiyyətlərə malik futbolçular var, təcrübəli oyunçularımız kifayət qədərdir. Bu gün dünya çempionatında Kristiano Ronaldo qədər penalti zərbəsini dəqiq yerinə yetirə biləcək başqa futbolçu yoxdur. Eyni zamanda, Qonsalo Ramos kimi güclü, cərimə meydançasına təhlükəli daxil olan başqa mərkəz hücumçusu da yoxdur.

Bundan başqa, Bernardo Silvanın, Ruben Nevesin təcrübəsindən, Nelson Semedonun və Fransisko Konseysaonun ustalığından istifadə edirik. Bizə kömək edə biləcək başqa futbolçularımız da var. Komanda öz işinə tam sadiqdir”.

Roberto Martines Qonsalo Ramosun növbəti oyunlarda start heyətində yer alıb-almayacağı barədə suala isə belə cavab verib:

“Bizim bütün futbolçularımız hər an oynamağa hazır olmalıdır. Portuqaliya millisinin gücü də məhz bundadır. Joao Feliks də turnirdə çox yaxşı çıxış edir”.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç isə məğlubiyyətə baxmayaraq, komandasının xüsusilə ikinci hissədə rəqibdən üstün təsir bağışladığını deyib. Təcrübəli çalışdırıcı VAR qərarlarının oyunun taleyinə təsir etdiyini vurğulayıb:

“Deyəcək çox sözüm yoxdur. Çox təəssüf edirəm. Xüsusilə ikinci hissədə daha üstün oynayan tərəf biz idik. Nəticədə VAR üç qolumuzu ləğv etdi. Oyun çox gərgin keçdi və futbolçularımı qətiyyən qınaya bilmərəm”.

Daliç gələcəyi ilə bağlı yayılan müzakirələrə də toxunub: “Millidəki gələcəyim barədə sonra danışarıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: