Roderik Miller “Turan Tovuz”la yeni müqavilə bağladı

Futbol üzrə Panama milli komandasının mərkəz müdafiəçisi Roderik Miller “Turan Tovuz”la yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı müdafiəçi ilə 2 illik sözləşmə imzalanıb. Təcrübəli futbolçu 2025-ci ilin 30 iyununa kimi “Turan Tovuz”un uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Roderik Miller “Turan Tovuz”a bu ilin mart ayında transfer olunmuşdu. Həmin vaxt onunla 3 ay + 1 il müddətində rəsmi müqavilə imzalanmışdı. O, indiyə qədər Tovuz təmsilçisində 8 oyuna çıxıb, 2 qola imza atıb.

Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn” kimi klublarında legioner həyatı yaşayıb. 2021-ci ildən isə müdafiəçi İraqda oynayırdı. 2021/22 mövsümünü “Əl-Quva”da keçirən futbolçu son olaraq “Əl-Mina” komandasında çıxış edib.

Roderik Panama millisində 35 oyun keçirib və 2 qola imza atıb. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.

“Turan Tovuz” daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze və Belaydi Pusi ilə də yeni müqavilə bağlamışdı.

Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu, Ehtiram Şahverdiyev və Runi Eva isə komandanı tərk ediblər. Əvəzində Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov, Paçu, Otto Con, Brunao və Budaq Nəsirov komandaya cəlb olunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: