Futbol üzrə İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri (Rodriqo Ernandes) “Qızıl top” mükafatının qalibi olub.
Arena.az xəbər verir ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibləri bu gün Paris şəhərindəki “Şatle” teatrında təşkil olunmuş təntənəli mərasimdə elan edilib.
Əsas mükafata Rodri layiq görülüb. İspaniyalı futbolçu karyerasında ilk dəfə bu titula sahib çıxıb.
Xatırladaq ki, Rodriqo Ernandes bu il İspaniya yığması ilə Almaniyada keçirilmiş Avropa çempionatının qalibi olub. O, ötən mövsümdə də “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının qalibi olmuşdu.
2023-cü ilin ən yaxşı qadın futbolçusu isə İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati seçilib.
Bonmati ardıcıl ikinci dəfə bu mükafatı qazanıb. O, ötən il də ən yaxşı seçilmişdi.
Xatırladaq ki, Aytana geridə qalmış mövsümdə “Barselona” ilə birgə UEFA Çempionlar Liqasının, İspaniya çempionatının, ölkə kubokunun və İspaniya Super Kubkunun qalibi olub.
Ançelotti qalib elan edildi, “Real” Parisdə təmsil olunmadı
“Real”ın baş məşqçisi Karlo Ançelotti də “Yohan Kroyf” mükafatının qalibi olub. Sözügedən mükafat ilin ən yaxşı məşqçisinə təqdim olunur.
Ançelotti qalib elan edilsə də, “Real”dan heç kim sözügedən tədbirdə iştirak etməyib. Madrid klubu braziliyalı hücumçusu Vinisius Juniorun “Qızıl top”un qalibi olmayacağını öncədən öyrəndiyi üçün buna etiraz əlaməti olaraq tədbiri boykot edib. Belə ki, İspaniya nəhənginin rəsmiləri, məşqçiləri və futbolçuları bir nəfər kimi Parisə yollanmaqdan imtina ediblər.
Xatırladaq ki, 2023/24 mövsümündə italiyalı mütəxəssis “Real”la birgə İspaniya çempionatının və UEFA Çempionlar Liqasının qalibi olub.
Qadınlar arasında isə ilin ən yaxşı məşqçisi “Çelsi”nin çalışdırıcısı Emma Heyz seçilib.
Lamin Yamal da ilin ən yaxşısı seçildi
İspaniya millisinin və İspaniyanın “Barselona” klubunun yeniyetmə vingeri Lamin Yamal 2024-cü ilin ən yaxşı gənc futbolçusuna təqdim edilən “Kopa mükafatı”nın qalibi olub.
İlin ən çox qol vuran futbolçularına verilən “Gerd Müller mükafatı”nı bu dəfə iki hücumçu qazanıb. Bunlar “Bayern”in hücumçusu Harri Keyn və “Real”ın forvardı Kilian Mbappedir. Hər iki futbolçu klub səviyyəsində mövsüm ərzində 44 dəfə fərqlənib. Mbapppe bunu 48, Keyn isə 45 matçda bacarıb.
Xatırladaq ki, ötən mövsüm mükafatı Erlinq Haland, 2021 və 2022-ci illərdə isə Robert Levandovski qazanmışdı.
Mərasimdə “Lev Yaşin mükafatı”nın da qalibi bəlli olub. Bu titula Argentina millisinin və İngiltərənin “Aston Villa” klubunun qapıçısı Emiliano Martines sahib çıxıb. Hansı ki, o, ötən il də oxşar mükafatın sahibi olmuşdu.
“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları da açıqlanıb. Kişi komandalar arasında bu ada İspaniya çempionu “Real” layiq görülüb. Hansı ki, sözügedən komanda geridə qalmış mövsümdə UEFA Çempionlar Liqasının qalibi olmuşdu. İlin qadın komandası isə İspaniya nəhəngi “Barselona” seçilib. Kataloniya təmsilçisi ötən mövsüm də ən yaxşı elan edilmişdi.


