Rojerio yenidən “Kəpəz”də!

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini keçmiş qapıçısı, tam adı Paulo Rojerio Veyqa dos Santosla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Kəpəz” bu gün 2026/2027-ci illər mövsümü üçün ilk transferini rəsmiləşdirib. Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Portuqaliyalı qolkiper son olaraq İsrailin “İroni Tiberias” klubunda çıxış edib. “Braqa”nın yetirməsi olan 26 yaşlı qapıçı 2024/2025-ci illər mövsümündə də “Kəpəz”in formasını geyinib. O, həmin mövsümdə meydana çıxdığı 32 oyunda 50 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb. Paulo məhz “Kəpəz”dən ayrılandan sonra İsrail klubu ilə müqavilə bağlamışdı. O, ötən mövsüm “İroni Tiberias”ın heyətində 12 oyuna çıxıb, 30 qol buraxıb, cəmi 3 matçdan “quru” çıxıb.

“Kəpəz”in köhnə-yeni qapıçısı vaxtilə Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının da üzvü olub. O, “Lenk Vilaverdense”, “Trofense” və “Feyrense” kimi klubların da şərəfini qoruyub.

Xatırladaq ki, “Kəpəz” daha öncə Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə bağlamış, Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev və Olavale Onanuqa ilə yollarını ayırmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: