Romelu Lukaku: “Hər gün göz yaşı tökürdüm”

“Napoli”nin hücumçusu Romelu Lukaku Belçika yığmasının DÇ-2022-də uğursuzluğundan sonra psixoloji vəziyyəti haqda danışıb.

Arena.az xatırladır ki, Belçika yığması Qətərdə keçirilmiş dünya çempionatında iştirakını qrup mərhələsində başa vurmuş, Romelu Lukaku isə oyunlarda çoxsaylı fürsətləri boşa verdiyi üçün əsas tənqid hədəfinə çevrilmişdi:

“Bu, 29 ildə ilk dəfə idi ki, futbol mənə toxunurdu. Düşkünlük haqqında heç düşünmədim, amma həftələrlə hər gün, hətta tətildə belə, ağlayırdım. Tyerri Anri mənə gündə üç dəfə zəng edirdi. Anam və uşaqlarım Milanda idilər, amma güc-qüvvəm yox idi. Mənim bir müddət tək qalmağa ehtiyacım vardı”, “Football Italia” nəşri Lukakudan sitat gətirir.

Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub, karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib. Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Lukaku “Napoli” üçün keçirdiyi 6 oyunda 3 qol vurub və 5 məhsular ötürmə verib.

Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 119 oyun keçirib, 85 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: