Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun portuqal hücumçusu Kristiano Ronaldo 2023-cü təqvim ilində 50-ci qolunu vurub.
Arena.az məlumat verir ki, Ronaldo bu uğuruna Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Əl-Şəbab”a qarşı oyunda nail olub.
Beləliklə, ulduz futbolçu klub və ölkə üçün hər biri 49 qol vurmuş adlı-sanlı həmkarları, ingilis hücumçu Harri Keyni və fransalı hücumçu Kilian Mbappeni qabaqlayıb və norveçli qolçu Erlinq Halanda (50 qol) yetişib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduzun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə o, “Əl-Nəsr”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


