Ronaldo Mbappenin “Real”a keçəcəyinə işarə verdi

Braziliya futbolunun əfsanəsi Ronaldonun açıqlaması PSJ-nin fransalı ulduzu Kilian Mbappenin “Real”a keçəcəyini düşünməyə əsas verib.

Arena.az “Goleada Euro” dərgisinə istinadən məlumat verir ki, “Kruzeyro” və “Valyadolid” klublarının prezidenti, məşhur Ronaldo maraqlı bir məqama diqqət yönəldərək, PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin tezliklə “Real”a mümkün keçidi haqda fikrini bildirib:

“İstənilən klubda həmişə ulduzlar üçün yerlər var. Ulduzlar həmişə uyğunlaşırlar və pis oyunçulardansa yaxşı oyunçularla yanaşı oynamaq daha yaxşıdır, elə deyilmi? Onun “Real”a keçidi ilə bağlı nə məlumdur? Verə biləcəyim yeganə açıqlama odur ki, Parisdə onunla çox səlis ispan dilində danışdım, bu, məni azacıq təəccübləndirdi. Yaxşı göstəricidir”, deyə “Yekədiş” bildirib.

Təxmin edilir ki, fransız futbolçunun ispanca yaxşı hazırlığının səbəbi tezliklə “Real”ın düşərgəsinə keçəcəyi ilə bağlıdır.

Xatırladaq ki, daha əvvəl Ronaldonun Parisdə NBA oyununda Mbappe ilə görüşdüyü bildirilirdi. Ronaldo və Mbappe NBA-nın müntəzəm mövsümü çərçivəsində “Klivlend Kavalyers” və “Bruklin Nets” arasında keçirilmiş oyunda (111:102) iştirak ediblər.

Xatırladaq ki, Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 26 qol vurub, 4 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: