Ötən gecə – fevralın 1-də Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və ABŞ-ın “İnter Mayami” komandalarının qarşılaşdığı yoldaşlıq oyunu keçirilib.
Arena.az məlumat verir ki, komandalar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kinqdom Arena”da qarşılaşıblar.
Görüş “Nəcd cəngavələri”nin “vağlar” üzərində 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyun ərəb komandasının üstünlüyü şəraitində keçib və elə ilk 12 dəqiqəyə “Əl-Nəsr” oyunun taleyini həll edib. 3-cü dəqiqədə Marselo Brozoviçin ötürməsini Otavio qola çevirb – 1:0. 10-cu dəqiqədə Əl-Elevayın ötürməsi ilə Anderson Taliska hesabı artırıb – 2:0. 12-ci dəqiqədə Emerik Lyaport meydanın öz komandasına aid hissəsindən “ağır artilleriya”sını işə salaraq böyük hesablı qələbənin təməlini qoyub – 3:0.
Beləliklə, “İnter Mayami” çöküb. “Əl-Nəsr” faisləyə qədər oyuna nəzarəti əlində saxlayıb. Fasilədən sonra, 51-ci dəqiqədə Taliska penaltini dəqiq yerinə yetirib – 4:0. 68-ci dəqiqə Məhəmməd Maran topu başla qapıya göndərib – 5:0. 73-cü dəqiqədə isə Taliskaya Aleks Tellesin ötürməsi ilə hesabı biabırçı həddə çatdırıb – 6:0.
“İnter Mayami”nin argentinalı ulduzu, hücumçusu Lionel Messi oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 83-cü dəqiqədə meydana çıxıb.
Xatırladaq ki, komandaların heyətində müasir dünya futbolunun iki nəhəngi, ulduz hücumçular – portuqal Kristiano Ronaldo və argentinalı Lionel Messinin üz-üzə gələcəyi gözlənilsə də, Ronaldo bu oyunun iştirak ərizəsinə salınmayıb. Portuqal ulduz əzələ zədəsi aldığı üçün “Əl-Nəsr” Ronaldonu təhlükəyə atmaq istəməyib. Bununla belə, Ronaldonun oyundan öncə məşqdə iştirak etdiyi və oyunun iştirak ərizəsinə salınacağı bildirilirdi. Göründüyü kimi, bu, baş verməyib.
Oyundan sonra mətbuatda “Əl-Nəsr”in simasında Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gücü haqda təhlil xüsusiyyətli müxtəlif fikirlər yer alıb. Vurğulayaq ki, oyunun belə biabırçı hesabla başa çatması böyük gözlənilməzlik kimi qəbul edilib.


