Ruan Renato rəsmən “Zirə”də!

“Qəbələ”dən ayrılan braziliyalı müdafiəçi Ruan Renato gözlənildiyi kimi, Premyer Liqamızınd digər təmsilçisi “Zirə”yə keçib.

Arena.az xəbər verir ki, paytaxt klubu artıq yeni transferini rəsmən açıqlayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. “Qəbələ” ilə müqaviləsinin müddəti bitmiş futbolçu yeni klubuna azad agent kimi keçib.

Ruan Renato da “Qəbələ”yə 2021-ci ilin avqustunda azad agent kimi gəlmişdi. Müdafiəçi bu komandada 72 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Braziliyalı oyunçu daha öncə “Ponte Preta”, “Fiqeyrense”, “Yuventude”, “Austriya” (Vyana), “Vitoriya” və “Botafoqo” kimi klubların da uğurları üçün çalışıb.

“Zirə” daha öncə “Qəbələ”dən ayrılmış Məqsəd İsayevlə də müqavilə bağlamış, İsmayıl İbrahimlini “Qarabağ”dan icarəyə götürdüyünü açıqlamışdı. Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə ilə də yeni müqavilə imzalanıb. Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui və Donald Gerye isə komandanı tərk ediblər.