“Kəpəz”in bu mövsümün əvvəlində “Qəbələ”dən icarəyə götürdüyü sol cinah müdafiəçisi Rüfət Əhmədov ötən gün doğma klubuna qarşı oynadı.
21 yaşlı futbolçu yetirməsi olduğu “Qəbələ”yə qarşı oyuna start heyətdə başlasa da, fasilədə əvəzləndi.
Komandasının 0:1 hesablı məğlubiyyətə üzüldüyü qarşılaşmada öz oyunu da alınmayan Rüfət Əhmədov matçdan sonra Arena.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb:
- “Qəbələ”nin futbolçusu “Qəbələ”yə qarşı oynayırdı. Hansı hissləri keçirdin? Oyuna özünü necə motivasiya etmişdin?
- Çempionatın adi bir oyunu kimi çıxmışdım, qeyri-adi bir şey, əlavə motivasiya yox idi. Meydana 3 xal üçün çıxmışdıq. Önəmli olan komanda üçün yaxşı nəticə qazanmaq idi. Yəni, öz oyunumu heç düşünmürdüm ki, sırf rəqib “Qəbələ”dir deyə, çıxıb yaxşı oynayım, özümü göstərim. Həmişə olan motivasiyayla meydana çıxmışdım. Əsas düşüncəm 3 xal qazanmaq idi ki, bu da qismət olmadı.
- Artıq fasilədə əvəzləndin. Düşünmürsən ki, zəif oynadın?
- Bəli-bəli. Düzdür, baş məşqçi heç nə demədi, amma özüm düşünürəm ki, performansım zəif oldu. Özüm də bunu hiss edirdim.
- Səncə, bu, nəylə bağlı idi? Özün üçün hansı nəticəni çıxardın?
- Oyunum alınmadı, istədiyim kimi deyildi. Elə bil ki, bədənimdə nəsə var idi. Qaçmaq istəyirəm, elə bil nəsə məni saxlayırdı, qaça bilmirdim. Bu gün mənə nəsə qeyri-adi bir şey olmuşdu. Ya çox həvəsli idim, ya da ki…
- Bəlkə çox istək nəticəsində özünü “yandırmışdın”?
- Bəli, çox həvəsli olmaq, yaxşı oyun göstərmək istəmişəm. Amma əksi olub, əks təsirini verib. Bu gün oyunum çox pis idi. Özüm də belə pis oyun görməmişdim. Şükür ki, fiziki durumum, orqanizmim yaxşıdır, zədəm yoxdur. Söhbət beyinlə bağlı idi. Bir az psixoloji cəhətdən hazır deyildim. Oyunun alınmayanda çətin olur. İstər-istəməz azarkeş də tribunadan etiraz edir. Düzdür, peşəkar futbolçularıq, belə şeylərə fikir vermək lazım deyil. Amma bu, futboldur, bu gün məndə alınmaz, sabah alınar. Bu, normal bir şeydir. Bu gün də məndə alınmadı.
“Əsas problemimiz qol şanslarından yararlana bilməməyimizdir”
- “Kəpəz”ə gəldiyinə görə peşman deyilsən?
- Xeyr, hər şey qaydasındadır. Məşqçilərimiz sağ olsunlar ki, mənə yaxşı qayğı, diqqət göstərirlər, şans verirlər. Mən də onlar üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.
- Altı xallıq matçdan məğlub ayrıldınız. Səncə, rəqibin qələbəni daha çox istəməsi nəticəni müəyyənləşdirdi, yoxsa..?
- Yox, biz də qalib gəlməyi çox istəyirdik – baş məşqçidən tutmuş bütün futbolçulara kimi. Bizim də qol imkanlarımız oldu, sadəcə, bunları dəyərləndirə bilmədik. Məncə, rəqibin də elə ciddi qol vəziyyətləri olmadı. “Qəbələ” əlinə düşən bir şansdan istifadə etdi. Bizdə böyük problem odur ki, qol imkanlarımızdan istifadə edə bilmirik, sonluq yoxdur. Buna görə problem olur.
- Gəncədə azarkeş təzyiqini nə dərəcədə hiss edirsiniz? Bəlkə bu amil yaxşı oynamağınıza, nəticə qazanmağınıza imkan vermir?
- Azarkeşlərin bir qismi bizi dəstəkləyir. Bu, “Xəmsə” fan-klubudur. Əsas onların fikirləri bizim üçün önəmlidir. Qıraqdan gələnlər onsuz da oyun udanda bizi tərifləyəcəklər, uduzanda əksini görəcəyik. Buna görə peşəkar futbolçular kimi onlara fikir vermək lazım deyil. “Xəmsə” isə nəticədən asılı olmayaraq, həmişə yanımızdadır, bizə dəstək olur. Onlara nə qədər “sağ ol” desək, azdır.
- Evdə ardıcıl 4-cü məğlubiyyəti aldınız. Məntiqlə öz meydanınızda yaxşı oynamalısınız, amma səfərdə bunu edirsiniz. Niyə belə olsun?
- Gəncədə oynayanda öz oyunumuzu göstərə bilmirik. Sanki nəsə nəfs, çatışmazlıq var. Səfərdə daha yaxşı oyun göstəririk. Hər matçdan əvvəl Gəncədə də qalib gəlməyi çox istəyirik. Biz də istəmirik ki, ilk növbədə baş məşqçimizə istefa qışqırsınlar. Çünki Azər Məmmədov buna layiq deyil. Doğma meydandan yaxşı nəticəylə ayrılmağı biz də çox istəyirik. Lakin 4 oyundur, buna nail ola bilmirik. Düzdür, belə 6 xallıq matçlarda uduzanda peşmanlıq olur. Kaş onları udaydıq, bu zaman vəziyyətimiz daha yaxşı olardı. Amma “Qarabağ”, “Neftçi”, “Sabah” kimi komandalardan xal almaq da xoşbəxtlikdir.
“Əsl azarkeşlər belə şey etməməlidir”
- Azarkeşlər sizi fitə basdılar, rəqib komandanı isə alqışladılar. Bunu necə qarşıladınız?
- Məncə, əsl azarkeşlər belə şey etməməlidir. Əsl azarkeşlər bizi yenə yanlarına çağırıb dəstək olduqlarını bildirdilər. O biri insanların fikri mənim üçün maraqlı deyil. Bu, futboldur, belə şeylər çox olacaq. Azarkeşlərin iradları bizdə psixoloji gərginlik yaratmır. Azarkeşdir, hər arxaya ötürəndə irad bildirir. Amma bu, futboldur, qabağa hərəkətin yoxdursa, məcbur arxaya oynayacaqsan. Qabağa topu ötürüb itirməkdənsə, arxada top özündə qalsa, daha məqsədəuyğundur. Azarkeşlərə heç nə demək istəmirəm.
- Son pilləyə düşdünüz. Çıxa biləcəksiniz bu vəziyyətdən? Gəncə stadionu söküləndən sonra uzun müddət başqa yerdə oynamaq sizə necə təsir edəcək?
- İstəyərdik ki, Gəncədə oynayaq, daha çox azarkeşlərimiz qarşısında çıxış edək. Amma olmayanda olmur. İndi stadionumuz təmirə gedir. Qıraqda da oynasaq, əsas komanda üçün ən yaxşısı nədirsə, onu edək. İnşallah, toparlanıb “Kəpəz”i son pillədən çıxaracağıq.


