“Qəbələ”nin müdafiəçisi, son mövsümü “Kəpəz”də keçirmiş Rüfət Əhmədov bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
“Qəbələ”nin yetirməsi olan Əhmədov son mövsümü icarə əsasında “Kəpəz”də keçirib. O, Gəncə təmsilçisinin heyətində 23 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.
Rüfətin “Qəbələ” karyerası isə 30 oyun və 2 məhsuldar ötürmədən ibarətdir. Əhmədov Azərbaycanın U-21 yığmasının da formasını geyinir. Müdafiənin hər iki cinahında oyanayan futbolçu 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində 8 oyunda meydana çıxıb.
Xatırladaq ki, “Turan Tovuz” daha öncə Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya), Sergey Samok (“KamAZ”, Rusiya), Kristian da Silva (“Sabah”), Araş Qadiri (“Zobahan”, İran) və Veysəl Rzayevi (“Sabah”) də heyətinə qatdığını açıqlamışdı. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da komandaya qayıdıb.
Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç, Eltun Turabov və Xəyal Nəcəfov Tovuz klubu ilə yeni müqavilə bağlayıblar.
Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov, Belaydi Pusi və Kamal Bayramov isə komandanı tərk ediblər.


