Yeni mövsümə hazırlığını davam etdirən “Kəpəz” daha 2 oyunçusu – müdafiəçi Rüfət Əhmədov və yarımmüdafiəçi Latir Falla yollarını ayırıb.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Hər iki futbolçu ilə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb. Gəncə klubu onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Bununla “Kəpəz”in yay fasiləsində yola saldığı oyunçu sayı 10-a çatıb. Daha əvvəl Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Junior Martins, Mate Kvirkviya, Adama Niane, Vüsal Məsimov və Elçin Əlicanov da Gəncə təmsilçisi ilə sağollaşmışdılar.
Gedənlərin əvəzində Gəncə klubu hələlik 2 futbolçu transfer edib. Bunlar Elmir Tağıyev (“Səbail”) və Nicat Süleymanovdur (“Araz-Naxçıvan”). Yeqor Xvalko ilə də yeni müqavilə imzalanıb.
Xatırladaq ki, Rüfət Əhmədov Gəncə klubunun heyətində 23 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 21 yaşlı sol cinah müdafiəçisi daha öncə “Qəbələ”nin formasını geyinib.
Latir Fall isə 2023-cü ilin avqustunda qoşulduğu “Kəpəz”in heyətində 30 oyuna çıxıb. Seneqaldan olan 30 yaşlı yarımmüdafiəçi bu oyunlarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə “Feyrense”, “Akademiko Vizeu”, “Eştrela”, “Vilaverdense”, “Şaveş”, “Pedras Salqadas” və “Mirandela” kimi klublarda oynamış Falın yeni iş yeri də məlumdur. O, bundan sonra İndoneziyanın “PSM Makassar” komandasının uğurları üçün çalışacaq. Yarımmüdafiəçi artıq bu klubla rəsmi müqavilə də imzalayıb.


