Portuqal mütəxəssis Ruy Vitoriya Yunanıstan nəhənglərindən biri “Panatinaikos”un baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə “Panatinaikos”un rəsmi saytına istinadən məlumat verir.
Portuqal mütəxəssislə 2 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.
54 yaşlı portuqal mütəxəssis buna qədər Misir yığmasını çalışdırıb (2022-2024-cü illər).
Ruy Vitoriya məşqçilik fəaliyyətinə 2002-ci ildə “Vilafrankense”də başlayıb. Daha sonra Vitoriya “Benfika”da məşqçi, ardınca baş məşqçi olub. Portuqal mütəxəssis yerli klublarda fəaliyyətini davam etdirərək, “Fatima”, “Pasuş de Ferreyra” və “Vitoriya”nı (Gimaraynş) çalışdırıb. 2015-2019-cu illərdə “Benfika”nın sükanı arxasında olmuş Vitoriya daha sonra Portuqaliyanı tərk edərək, Səudiyyə Ərəbistanına üz tutub və “Əl-Nəsr”i çalışdırıb. Daha sonra, 2021-ci ildə portuqal mütəxəssis Moskva “Spartak”ının sükanı arxasında olub və buradan Misir yığmasına yollanaraq, iki il müddətində “fironlar”ı çalışdırıb. Cari ilin fevralında Vitoriya Misir yığmasının Afrika Millətlər Kubokunda uğursuz çıxışı səbəbilə “fironalar”ın düşərgəsindən qovulub. Məlum olduğu kimi, bir müddət “sərgərdan” dolaşmış portuqal mütəxəssis indi Yunanıstan nəhənglərindən “Panatinaikos”u çalışdıracaq.
Ruy Vitoriya “Benfika” ilə Portuqaliya Premyer Liqasının (2 dəfə), Portuqaliya Kubokunun, Portuqaliya Liqa Kubokunun və Portualiya Super Kubokunun qalibi olub. Həmçinin Vitoriya, adaşı olduğu Gimaraynş “Vitoriya”sına Portuqaliya Kubokunu qazandırıb. Portuqal mütəxəssis “Əl-Nəsr”lə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının və Səudiyyə Ərəbistanı Super Kubokunun qalibi olub.