“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Masazır təmsilçisi Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevi heyətinə qatıb.
O, bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 3 ildir. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Anatoli Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub. O, ötən mövsümün ikinci yarısında Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar “Kolos”u tərk edərək “Sumqayıt”a üz tutmuşdu.
Anatoli Nuriyev “Sabah”da 9 nömrəli formada çıxış edəcək. Sözügedən klub daha öncə “Sumqayıt”dan ayrılan Tellur Mütəllimovu da transfer etmişdi. Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov və Bəxtiyar Həsənalızadə ilə müqaviləni yeniləyən bu klub, Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes və Səlahət Ağayevlə də yollarını ayırıb.


