“Sabah” bu gün ilk avrokubok matçına çıxır

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış Azərbaycanın “Sabah” klubu bu gün qitə səhnəsində ilk sınağına çıxacaq.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Latviyanın RFS komandasının qonağı olacaq.

Yurmaladakı “Sloka” stadionunda baş tutacaq qarşılaşmanı Çexiyadan olan hakimlər briqdası idarə edəcək. Komandamız avrokuboklardakı debüt matçından uğurlu nəticə ilə ayrılmağa çalışacaq. Belə olacağı halda növbəti mərhələyə vəsiqə qazanmaq yolunda da önəmli addım atılmış olacaq.

RFS ötən mövsüm Latviya çempionatında 36 oyuna topladığı 76 xalla 3-cü yeri tutub. Bu komanda 22 qələbə qazanıb, 10 heç-heçə edib və cəmi 4 məğlubiyyətə üzülüb.

Bu mövsüm isə RFS artıq 23 oyun keçirib. Bu oyunlarda 16 qələbə qazanıb, 7 heç-heçə etmiş komandanın məğlubiyyəti yoxdur. 55 xal toplamış riqalılar liderdən cəmi 3 xal geri qalırlar və 2-ci pillədə qərarlaşıblar.

Latviya klubu UEFA reytinqində 161-ci pillədədir. Müqayisə üçün Azərbaycan təmsilçisinin bu siyahıda 343-cü sırada olduğunu da vurğulayaq. “Bayquşlar” ötən mövsüm Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı kimi Konfrans Liqasında iştirak hüququ qazanıblar.

Qeyd edək ki, bu cütün qalibi Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

Azərbaycan və Latviya komandanları arasındakı cavab qarşılaşması avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Həmin oyuna saat 20:00-da start veriləcək.

Azərbaycanın Avropa Konfrans Liqasındakı digər təmsilçiləri – “Qəbələ” və “Neftçi” ilk matçlarını iyulun 27-də keçirəcəklər.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul

RFS – “Sabah”
Baş hakim: Yan Maxalek (Çexiya).
Yurmala. “Sloka” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: