“Sabah” Çempionlar Liqasında “Orhus”a rəqib oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu qalibi “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, “bayquşlar” bu raundda Danimarkanın “Orhus” komandası ilə üz-üzə gələcəklər.

Danimarka təmsilçisi ÇL-in 2-ci təsnifat mərhələsində Polşanın “Lex” komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 4:1 hesablı qələbə qazanan “Lex” cavab görüşündə eyni hesabla məğlub olduğu üçün ümumi hesab bərabərləşib. Qalib isə penaltilar seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Orhus” 4:3 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksələrək Azərbaycan çempionuna rəqib olub. Halbuki, böyük əksəriyyət “bayquşlar”ın məhz “Lex”lə üz-üzə gələcəyini düşünürdü.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 4-5-də keçiriləcək. Cavab qarşılaşmaları isə avqustun 11-də baş tutacaq. “Sabah” “Orhus”a qarşı ilk matçını səfərdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: