“Sabah” “Turan Tovuz”a yoxlama oyununda da uduzdu

“Sabah” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək bu gün yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Turan Tovuz”la üz-üzə gəlib.

“Masazır Arena”da keçirilən oyun kifayət qədər məhsuldar keçib. Belə ki, matçın ilk hissəsini meydan sahibləri 2:1 hesabıyla öndə bitiriblər. Lakin fasilədən sonra daha iki qol vuran Tovuz təmsilçisi meydanı əzmkar qələbə ilə tərk edib – 3:2. Qonaqların heyətində Belaydi Pusi dubla imza atıbsa, digər qolu Otto Con vurub. Masazır klubunun heyətində isə Davit Volkov və Kahim Parris fərqləniblər.

Xatırladaq ki, “Sabah” Premyer Liqada fasiləyə 7 xalla 6-cı pillədə yollanıb. “Turan Tovuz” isə bu mövsüm 5 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Tovuz təmsilçisi bu mövsüm Premyer Liqanın 5-ci turunda səfərdə məhz “Sabah”la qarşılaşmış və 3:0 hesabıyla qalib gəlmişdi.

Ayxan Abbasovun komandası Premyer Liqanın 6-cı turu çərçivəsində sentyabrın 17-də “Qəbələ”ni qəbul edəcək. Murad Musayevin çalışdırdığı Masazır təmsilçisini isə həmin gün son çempion “Qarabağ”la səfər oyunu gözləyir. Bu görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.