“Sabah” üçün “Partizan”, “Neftçi” üçün “Beşiktaş” sınağı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” və “Neftçi” komandaları bu gün növbəti sınaqlarına çıxacaqlar.

Arena.az xəbər verir ki, paytaxt təmsilçiləri 3-cü təsnifat mərhələsinin ilk oyunlarını doğma meydanda keçirəcəklər.

“Ağ-qaralar” “Neftçi Arena”da Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gələcəklər. “Bayquşlar” isə Masazırdakı stadionunda Serbiya nəhəngi “Partizan”ı sınağa çəkəcəklər.

Komandalarımız çətin rəqibləri ilə cavab görüşünü avqustun 17-də səfərdə keçirəcəklər. Bu üzdən də doğma meydandakı ilk oyunda sərfəli nəticə qazanmaq çox önəmlidir.

Xatırladaq ki, “Sabah” bu turnirin 2-ci raundunda Latviyanın RFS komandasını həm səfərdə (2:0), həm də evdə (2:1) məğlub etməklə mərhələ adlayıb. “Neftçi” isə Bosniya və Herseqovinanın “Jelezniçar” komandası ilə səfər matçında bərabərə qalmış (2:2), evdə 2:0 hesablı qələbəyə sevinmişdi.

Rəqiblərə gəlincə, “Partizan” Konfrans Liqasında mübarizəyə birbaşa bu mərhələdən qoşulub. “Beşiktaş” isə ötən mərhələdə Albaniyanın “Tirana” kollektivi ilə üz-üzə gəlib. “Qara qartallar” bu komandaya evdə 3:1, səfərdə 2:0 hesabıyla qalib gəliblər.

Onu da qeyd edək ki, “Neftçi” “Beşiktaş”ı keçə bilsə, pley-offda “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Partizan”ı mübarizədən kənarlaşdıra bilsə, pley-offda “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
10 avqust

20:00: “Sabah” – “Partizan”
Baş hakim: Goergi Kruaşvili (Gürcüstan).
Masazır. “Bank Respublika Arena”.

21:00. “Neftçi” – “Beşiktaş”
Baş hakim: Lukas Fendrix (İsveçrə).
Bakı. “Neftçi Arena”.