“Sabah” və “Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunların vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, Azərbaycan klubları fərqli günlərdə meydana çıxacaqlar.
Belə ki, UEFA “Sabah”ın Latviya klubu RFS ilə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb. Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Artıq bu oyunun hakim təyinatları da məlumdur. Yurmaladakı görüş Çexiyadan olan hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanı Yan Maxalek idarə edəcək. Ona Adam Harak və Yan Vanya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Orel icra edəcək.
Bu komandalar arasında cavab görüşü avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.
“Neftçi” isə Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”a qarşı ilk oyununu iyulun 27-də keçirəcək. “Ağ-qaralar”ın bu rəqiblə “Qrbavitsa” stadionunda baş tutacaq səfər matçına 22:30-da start veriləcək.
Bu oyunun da hakim təyinatları bəllidir. Qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Yuri Frişerə laynsman qismində Veyko Mıtsnik və Sander Saqa yardım edəcəklər. Kevin Kayvoya dördüncü hakim funksiyasını yerinə yetirəcək.
“Neftçi” də mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək. “Bakcell Arena”da baş tutacaq oyuna saat 21:00-da start veriləcək.
Azərbaycan klublarının bu rəqiblərlə cavab qarşılaşmalarının hakimləri öncədən bəlli idi. Belə ki, “Sabah”ın avqustun 3-də keçiriləcək cavab matçı İsveçrədən olan hakimlərə həvalə edilib. Qarşılaşmanı Fedayi San idarə edəcək. Ona yan xətt hakimləri Yonas Erni və Yan Köbeli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sandro Şerer yerinə yetirəcək.
“Neftçi”nin matçı isə Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın baş hakimi FIFA referisi Balaş Berke olacaq. Ona yan xət hakimləri Balaş Buzas və Balaş Sert yardım edəcəklər. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.


