2023/2024 mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Turan Tovuz” müdafiəçisi Sadiq Quliyev ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, mərkəz müdafiəçisi daha 1 il qərb təmsilçisinin şərəfini qoruyacaq. 29 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti bu yay bitirdi.
Xatırladaq ki, Sadiq Quliyev 2022-ci ilin iyul ayından “Turan Tovuz”un uğurları üçün çalışır. Müdafiəçi əyalət təmsilçisinin heyətində bütövlükdə 31 oyuna çıxıb, 1 qol vurub. O, karyerası ərzində “Zirə” və “Qəbələ”də, həmçinin Nepalın “Maçindra” klubunda da forma geyinib.
“Turan Tovuz” Sadiq Quliyevdən öncə Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman və Ayxan Hüseynovla da yeni müqavilə imzalandığını açıqlamışdı. Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”) və Aydın Bayramov (“Zirə”) isə Tovuz təmsilçisini tərk ediblər. Əvəzində geridə qalmış mövsümü “Şamaxı”da keçirən Elçin Qasmov icarədən qayıdıb.


