Şahin Diniyev: “İlk dövrədə belə nəticəni mən də gözləmirdim”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandanın ilk hissədə nəfəs almaq problemi var idi. Futbolçular qaça bilmirdi. Problemlərimiz çox idi. Amma komandam ağıllı futbol oynayaraq, qol epizodunu gözləyib kiçik epizoddan uğurla çıxdı. Hər bir futbolçuma təşəkkür edirəm. İlk dövrə bitib. 9 tura belə nəticəni heç kim gözləməzdi, heç özüm də gözləmirdim. Futbolçular xarakter göstərdilər. “Qəbələ” oyun baxımından çox artırıb. Yaxşı oynayırlar. Anlayırdıq ki, “Qəbələ” hücumda daha kreativ oynamağa, daha çox hücum etməyə çalışacaq. İki-üç qol epizodumuz var idi, istifadə edə bilərdik. Heç-heçə də ədalətli nəticə olardı. Amma hansı komanda udsaydı da, ədalətli alınardı. Hər iki komanda qələbəyə layiq idi. “Qəbələ”yə uğurlar arzulayıram”.

Qəbələdə oynamaq çox çətindir. Hava şəraitinə görə futbolçular qaçmaqda çətinlik çəkirlər. Nəfəs almağı nəzərdə tuturam. Əvvəlki oyunlarda həmin boşluqlar olmayıb, bu gün varsa, demək ki, təsadüfdür. “Qəbələ”nin futbolçuları fərdi keyfiyyətlər baxımından çox güclüdür. Razıyam ki, boşluqlarımız olmamalı idi. Ancaq oldu. Səbəblərini də qeyd etdim”.

“Dediyim sözüm tutmağa çalışıram”

Şahin Diniyev komandasının hədəflərindən də söz açıb: “Hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Sabit komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynaya bilərik. Amma bu, qısamüddətli olacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, “Səbail” avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox idi. Rəhbərlikdə də dəyişiklik oldu. Artıq “Səbail”də irəliləyiş var. İstəyirəm ki, stabil olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Kim olsa deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa “Səbail” olacaq, o da oldu. İndi desəm ki, üçüncü yeri tutmaq istəyirik, sabah deyəcəksiz ki, “bəs yol çəkirdiz, nə oldu, çəkə bilmədiniz axı. (gülür)

1-2 turdan qabaq demişdim ki, zirvəyə qalxmaq çox asandır. Hansısa yollarla qalxa bilərsən. Amma zirvədə qalmaq çox çətindir. İkinci hissədə hətta “Qəbələ” də sanki heç-heçəyə razılaşmış kimi oynayırdı. Hamı bizi artıq ciddiyə alır. Eyforiyaya qapılmamaq lazımdır. Çox çalışmalıyıq. Üçüncü turdan sonra demişdim ki, qorxmuram. Çünki bilirdim ki, oyunumuz var. Türkiyədəki hazırlıq zamanı “Konyaspor”, “Sivasspor”la görüşlərdə futbolçularımı görmüşdüm. Mənə 5-6 oyun lazım idi ki, komanda relsə düşsün. Komandama inanırdım, amma bu qədər uğurlu nəticə olacağını gözləmirdim. Liderlərlə başabaş oynamağa çalışırıq. “Qarabağ”la matçda geridönüş etmək çox çətindir. Oyunumuz var. Ən pisi təsadüfi qələbələrdir. Xallarımızın heç biri təsadüfi olmayıb. “Zirə”yə, “Sumqayıt”a da uduzmaya bilərdik. Amma bir şey var ki, “Qarabağ”ı da udmaya bilərdik. Futbol buna görə gözəldir ki, proqnozları sevmir”.

“Böyük hesablı qələbə də gözləmək olardı”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə komandasının məğlub olduğu oyundan sonra bunları dilə gətirib:

“Səbail” yaxşı təşkilatlanmış komandadır. Hissələri ayrı-ayrılıqda dəyərləndirsək, böyük üstünlüyə sahib idik, çoxlu qol epizodlarına girdik. Əfsuslar olsun ki, son nöqtəni qoya bilmədik. Ağır məğlubiyyətdir. Çünki belə oyunla uduzmamalıydıq. Futbolun yazılmamış qanunu var, bu qədər epizodu vurmayacaqsansa, sonda rəqibə də şans verəcəksən.

Qol epizodları zamanı soyuqqanlılıq nümayiş etdirmək lazımdır. Son oyunlar göstərir ki, çoxsaylı qol epizodları yaradırıq. Amma soyuqqanlılıq çatmır ki, onları dəyərləndirək. Daha çox üzərində dayanılası epizodlar var ki, işləyirik. İnanıram ki, sonluğu da gətirəcəyik.

Oyunun keyfiyyətinə görə, böyük hesablı qələbə də gözləmək olardı. Amma futbol ona görə maraqlı və gözəldir ki, bir hücum edən də bu oyunu uda bilər. Zurab Oçiqavanın özü əzələsində dartılma olduğunu deyir. Müayinədən sonra dəqiq bilinəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: