İtaliyanın “Salernitana” klubu yeni mövsümdə A Seriyasında oynamaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, sözügedən komanda İtaliya B Seriyasının sonuncu – 38-ci turunda “Peskara”ya 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində ikinci pilləni tutub.
Bu nəticədən sonra xalını 69-a yüksəldən Fabrisio Kastorinin baş məşqçisi olduğu komanda, çempion “Empoli”dən sonra elitaya vəsiqə qazanan ikinci klub olub.
Qeyd edək ki, “Salernitana” sonuncu dəfə A Seriyasında 1997/98 mövsümündə mübarizə aparıb.
A Seriyasına yüksələcək sonuncu – üçüncü komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək. Bu vəsiqəyə altı komanda namizəddir. Mayın 13-də “Çittadella” (57 xalla 6-cı) ilə “Breşiya” (56 xalla 7-ci), həmçinin “Venesiya” (59 xalla 5-ci) ilə “Kyevo” (56 xalla 8-ci) yarımfinala vəsiqə uğrunda üz-üzə gələcək. Qalib bir oyunda müəyyənləşəcək. Bu cütlərin qalibi yarımfinalda “Monza” (64 xalla 3-cü) və “Leççe” (62 xalla 4-cü) ilə mübarizə aparacaq. Yarımfinal görüşləri 17 və 20 mayda ev-səfər prinsipi ilə baş tutacaq. 23 və 27 mayda isə final görüşləri keçiriləcək.


