Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Andorraya qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, sözügedən komandalar dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində sabah Masazırda üz-üzə gələcəklər.
Siyasət Əsgərov bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq. Sabah isə bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq. Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”.
Xatırladaq ki, C Liqasının 3-cü qrupu çərçivəsində aprelin 18-də “Masazır Arena”da keçiriləcək Azərbaycan – Andorra oyununa saat 17:00-da start veriləcək.


