“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 28-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyundan əvvəl desəydilər ki, 0:3 hesabı ilə məğlub olacağıq, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci yarıda da yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar. 90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Oyunun sonlarında bizdə alınmadı və uduzduq. Son saniyəyə kimi döyüşməlisən. Amma bu, o demək deyil ki, bu məğlubiyyətdə günahkar yalnız futbolçulardır. Uduzursansa, ilk növbədə baş məşqçi günahkardır. Deməli, mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm.
Məqsədimiz var. Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Şansımızın tam bitdiyini deməzdim”.


