FIFA ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı hadisədən sonra intizam prosedurlarını yenidən nəzərdən keçirmək qərarına gəlib.
Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Müvafiq qərar təşkilatın Şurasının oktyabrın 15-də Sürixdə keçirilən iclasında qəbul olunub. Hüquq Komitəsinin aparacağı araşdırmanın nəticələri dekabrda keçiriləcək növbəti Şura iclasında təqdim ediləcək.
Hadisə dünya çempionatının 1/16 final mərhələsində ABŞ və Bosniya və Herseqovina yığmaları arasında keçirilən oyunda baş verib. ABŞ millisi həmin qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Balogun rəqib müdafiəçisi Tarik Muharemoviçə qarşı kobud oyuna görə qırmızı vərəqə alıb. Amerikalı hücumçu rəqibinin ayağına arxadan, butsunun şpisləri ilə zərbə endirib.
İyulun 5-də FIFA-nın İntizam Komitəsi Baloqunun cəzasının icrasını dayandırıb. Nəticədə futbolçu dünya çempionatının 1/8 final mərhələsində Belçika ilə oyunda iştirak edə bilib. Həmin qarşılaşmada ABŞ millisi 1:4 hesabı ilə məğlub olub.
Jurnalist Ben Ceykobs daha sonra FİFA-nın bu qərarı təşkilatın prezidenti Canni İnfantinoya Ağ Evdən zəng edildikdən sonra qəbul etdiyini bildirib. ABŞ prezidenti Donald Tramp da Baloqunun diskvalifikasiyası məsələsi ilə bağlı İnfantinoya zəng etdiyini və qərara yenidən baxılmasını xahiş etdiyini təsdiqləyib.
FİFA-nın intizam prosedurlarını yenidən nəzərdən keçirməsi bu hadisə ətrafında yaranan mübahisələrin ardından gündəmə gəlib.


