“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox maraqlı oyun oldu. Bu qələbəni Qaxdan gələrkən yol qəzasında həyatını itirmiş gənc futbolçumuz Seyidəli Babazadəyə həsr edirəm. Bizim akademiyanın futbolçusu idi. Allah rəhmət eləsin! Bütün azarkeşlərimizi təbrik edirəm. “Şəfa”ya uğurlar arzulayıram”.
Azər Bağırov “Şamaxı”nın 7 oyunluq məğlubiyyətsiz seriyasına da toxunub:
“Hər işdə xeyir var. Qismətimizdə bu seriya var idi. Uşaqlar meydanda əziyyət çəkirlər. Həmişə onlara deyirəm ki, Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək. Mehriban, döyüşkən kollektiv yaratmışıq”.
“Şəfa”ın baş məşqçisi Zaur Həşimov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Acınacaqlı məğlubiyyət oldu. Bütün məğlubiyyətlər adama pis təsir edir. Amma bu daha çox təsir etdi. Uşaqlar pis oynamadılar. Öz səhvlərmizdən qollar buraxdıq. Oyunumuzu detallı şəkildə təhlil etdikdən sonra məğlubiyyətin səbəbini biləcəyik. 2:0 öndə olarkən fürsətləri dəyərləndirə bilımədik. Gözləmədiyimiz səhvlər etdik”.


