Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’O dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələrə görə məhkəməyə şikayət edilib.
Arena.az xəbər verir ki, bu barədə “Africanews” telekanalı məlumat yayıb.
Məlumata görə, Kamerun Həvəskar Futbol Klubları Assosiasiyası (ACFAC) yığmanın yoxlama oyunlarının təşkili zamanı mümkün maliyyə pozuntularının araşdırılması tələbi ilə paytaxt Yaunedə yerləşən Xüsusi Cinayət Məhkəməsinə müraciət edib.
İddiaçılar bildirirlər ki, milli komandanın beynəlxalq yoldaşlıq görüşlərinin təşkili üçün artıq ödənilmiş xidmətlərə görə dövlət büdcəsindən əlavə olaraq yüz minlərlə ABŞ dolları ayrılıb. Söhbət 2022–2023-cü illərdə Kamerun yığmasının keçirdiyi dörd yoxlama matçının mümkün ikiqat maliyyələşdirilməsindən gedir. Şikayət məhkəmədə oktyabrın 13-də rəsmi qeydiyyata alınıb.
Samuel Eto’O oktyabrın 15-də yeni ittihamlar barədə məlumat yayan “RFI” radiosunu tənqid etsə də, irəli sürülən iddiaların mahiyyəti ilə bağlı ətraflı açıqlama verməyib. O, daha əvvəl maliyyə pozuntuları ilə bağlı ittihamları rədd edərək, bunları nüfuzunu ləkələməyə yönəlmiş kampaniyanın bir hissəsi adlandırıb.
Qeyd edək ki, Eto’O 2021-ci ilin dekabrından Kamerun Futbol Federasiyasına rəhbərlik edir. O, futbolçu karyerası ərzində “Barselona”, “İnter” və “Çelsi” kimi klublarda çıxış edib. Afrikanın dördqat ən yaxşı futbolçusu olan sabiq hücumçu Kamerun millisinin heyətində Afrika Millətlər Kubokunu iki dəfə qazanıb.
Hazırda söhbət irəli sürülmüş iddialardan gedir. Samuel Eto’O-nun dövlət vəsaitlərini mənimsədiyi məhkəmə tərəfindən təsdiqlənməyib.


