“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 28-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün çox vacib və çətin qələbə qazandıq. İkinci hissədəki oyuna görə uşaqlara minnətdaram. Yaxşı aktivlik var idi. Finişə yaxın çox vacib xallar qazandıq”.
Qeyd edək ki, “Turan Tovuz” 28 turdan sonra topladığı 55 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Berdıyevin komandası 16 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Araz-Naxçıvan” isə 39 xalla 6-cıdır.


