Hidayət Heydərov AÇ-nin finalında uduzdu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan son Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

Heydərov 1/8 finalda kosovolu Dardan Çenadan üstün olub. O, 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib. Hidayət yarımfinalda türkiyəli Bilal Çiloğlunu da məğlub edib. O, finalda 2012-ci il Olimpiya çempionu Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib. Cüdoçumuz gərgin mübarizə şəraitində keçən görüşdə hakimlərin ədalətsiz qərarı səbəbindən bu rəqibinə uduzub.

Xatırladaq ki, Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanmışdı. O, bunların 4-də çempion olmuş, birində isə gümüş medal əldə etmişdi. Heydərov 1 dəfə dünya çempionu da olub.

Tiflisdə keçirilən Avropa çempionatının ilk günündə mübarizəyə qoşulmuş Azərbaycanın 7 cüdoçusundan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanmışdılar.

Avropa çempionatı aprelin 19-da başa çatacaq. Azərbaycan qitə birinciliyində 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaş: