“Neftçi”nin məşqçisi Vitali Vernidub Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Vitali Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Yaxşı axşam oldu. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda intensiv oynayırdı, qapılara zərbələr var idi. Fiziki və taktiki güclü idilər, azarkeşlər üçün də maraqlı idi. Bu oyunda əksər hallarda dominantlıq etdik. Bəzi hallarda rəqib vəziyyəti bərabərləşirdi. Oyunçularımız çox yaxşı mübarizə apardılar. Onlardan gözləntilərimiz odur ki, “Neftçi”yə yaraşan səviyyədə hər zaman oyun sərgiləsinlər. Son dəqiqələrə gəldikdə, baxacağıq, araşdıracağıq, özümüz üçün nəticələr çıxaracağıq. Nə edək ki, vəziyyət bu yerə gəlib çatmasın. Son dəqiqələr haqda çox danışmaq istəmirəm”.


