“Salernitana” İnzaqini istefaya göndərdi, Liverani ilə anlaşdı

Futbol üzrə İtaliya A Seriyasında mübarzizə aparan “Salernitana” baş məşqçisi Filippo İnzaqi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, Salerno təmsilçisi A Seriyasında geridə qalmış 24 turda cəmi 2 qələbə qazanıb. Qalan oyunlarda 7 heç-heçə etmiş komanda 15 görüşdə də uduzub və hazırda 13 xalla 20 iştirakçı arasında sonuncu – 20-ci sırada qərarlaşıb.

Filippo İnzaqi 2023-cü ilin oktyabr ayından “Salernitana”ya rəhbərlik edirdi. İtalyan mütəxəssis bu komandanı bütövlükdə 18 oyuna çıxarıb. Bu görüşlərdən cəmi 3-ü qələbə ilə yekunlaşıb. 4 heç-heçə etmiş salernolular 11 dəfə də məğlubiyyətə üzülüblər.

50 yaşlı mütəxəssis daha öncə “Recina”, “Breşiya”, “Benevento”, “Bolonya”, “Venesiya” və “Milan”da da baş məşqçi olub.

Yeri gəlmişkən, artıq “Salernitana”nın yeni baş məşqçisi də məlumdur. Belə ki, A Seriyası təmsilçisi Fabio Liveraniyə tapşırılıb. 47 yaşlı italyan mütəxəssislə bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) qədər müqavilə imzalanıb.

Fabio Liveraninin sonuncu iş yeri “Kalyari” olub. O, 2022-ci ilin iyul ayından çalışdırdığı bu komandadan elə həmin ilin dekabrında ayrılmışdı. Liverani daha öncə “Parma”, “Leççe”, “Ternana”, “Leyton Orient” və “Cenoa”da da baş məşqçi olub.

Qeyd edək ki, “Salernitana” bu gedişlə A Seriyasını tərk etməyə əsas namizədlərdən hesab olunur. Komandanın baş məşqçi postundakı növbəti dəyişikliyin Salerno klubunun mövsümü xilas etməsi üçün yetərli hesab olunmur.