Premyer Liqada mübarizə aparan “Şamaxı” komandası Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu vurub. O, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 7-ci turunun “Zirə” ilə səfər görüşündə (1:1) fərqlənib.
900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənmiş “Şamaxı” ümumi qol sayında yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.
Qeyd edək ki, “Şamaxı”nın ilk qolu 1999/2000-ci illər mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də keçirilmiş “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənmiş Samir Ələkbərov bu klubun tarixinə düşüb.


