“Sevilya” Lüsyen Aqumeni “İnter”dən icarəyə götürdü

“Sevilya” İtaliyanın “İnter” klubundan kamerunəsilli fransalı dayaq yarımmüdafiəçisi Lüsyen Aqumeni icarə əsasında heyətinə qatıb.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Müqavilə yanvarın 10-dan qüvvəyə minib və müddəti cari mövsümün sonuna – iyun ayının axırına qədər nəzərdə tutulub. Həmçinin müqavilədə futbolçunun transfer hüquqlarının 8 milyon avro müqabilində sonradan satın alınması haqda müvafiq bəndin mövcud olması barədə mətbuatda daha əvvəl məlumat yayılmışdı. Aqume “Sevilya”da 42 nömrə altında çıxış edəcək.

“Öz yeni evinə xoş gəldin, Lusyen!” – Əndəlüs klubunun Aqumenin keçidi ilə əlaqədar bəyanatında deyilir.

Lüsyen Aqume “Soşo”nun yetirməsidir. 2020-ci ilin sentyabrında “İnter” Aqumeni 4,5 milyon avro müqabilində elə, “Soşo”dan transfer edib və icarə dövriyyəsinə buraxıb. Aqume “Spetsiya”, “Stad Brestua” və “Trua”da icarə əsasında çıxış edib. Göründüyü kimi, Aqume “İnter” üçün heç nə ilə əlamətdar deyil.

Cari mövsümdə Aqume “neradzurri”nin heyətində yalnız A Seriyası çərçivəsində oynayıb – cəmi 1 oyun keçirib, 4 dəqiqə meydanda olub, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.

Aqumenin “İnter”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 4 oyun – meydanda 69 dəqiqə.

Lüsyen Aqume milli komanda seçimini görünür, Fransanın lehinə edib. Belə ki, Kamerunun paytaxtı Yaundedə doğulmiuş Lüsyen Fransanın U-16, U-17, U-18, U-20 və U-21 yığmalarında çıxış edib və hələ ki, “xoruzlar”ın əsas yığmasına dəvət almayıb.

“Transfermarket” internet-portalı 21 yaşlı fransalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “İnter”in gənc hücumçusu Eddi Salsedo da “Lekko”ya icarəyə verilib. 22 yaşlı italyan forvard da bu mövsümün sonuna kimi icarədə olacaq.

“Cenoa”nın yetirməsi olan Eddi Salsedo 2018-ci ildən “İnter”dədir. Amma o, Milan klubunun əsas komandasında oyun keçirməyib. Əvəzində o, “Verona”, “Spetsiya”, “Bari”, “Cenoa” və “Eldense” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Salsedo İtaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: