Skott Maktominey ürəyindən əməliyyat olunacaq

Futbol üzrə Şotlandiya millisinin və “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey ürəyindəki problem səbəbindən əməliyyat olunacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Şotland futbolçuya yüngül aritmiya diaqnozu qoyulub. 29 yaşlı oyunçunun əməliyyatdan sonra oktyabrın 6-da başa çatacaq milli komandaların oyunları üçün fasilədən sonra sıraya dönəcəyi gözlənilir.

Maktominey 2024-cü ilin yayından “Napoli”də çıxış edir. O, Neapol klubunun heyətində 82 oyuna çıxıb, 27 qol vurub və 10 məhsuldar ötürmə edib.

Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Şotland futbolçu “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunun (2022/2023) və İngiltərə Kubokunun (2023/2024) qalibi olub.

Maktominey 2018-ci ilin martında debüt etdiyi Şotlandiya yığmasının heyətində 73 oyun keçirib, 15 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı şotland mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqibləri sırasındadır. “Bayquşlar” İtaliya təmsilçisi ilə gələn il yanvarın 20-də Bakıda üz-üzə gələcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: