Skott Maktominey ürəyindən uğurlu əməliyyat keçirdi

“Napoli”nin şotlandiyalı yarımmüdafiəçisi Skott Maktominey ürəyindəki problemə görə uğurlu ablasiya prosedurundan keçib.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun ürəyindəki yüngül xoşxassəli aritmiya ilə əlaqədar həyata keçirilən ablasiya proseduru uğurla başa çatıb.

Əməliyyatdan sonra Maktominey təxminən iki həftə istirahət etməlidir. Bundan sonra onun məşqlərə qayıtmasına icazə veriləcək.

Ablasiya ürəyin anormal elektrik ritminin korreksiyası üçün tətbiq olunan tibbi prosedurdur.

Maktominey 2024-cü ildən “Napoli”də çıxış edir. O, Neapol klubunun heyətində 82 rəsmi oyuna çıxıb, 27 qol vurub. Şotlandiyalı futbolçu “Napoli” ilə İtaliya çempionu və İtaliya Superkubokunun qalibi olub.

Skott Maktominey 2017-2024-cü illərdə “Mançester Yunayted”də çıxış edib və İngiltərə klubu ilə hərəyə bir dəfə İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb.

Yarımmüdafiəçi Şotlandiya millisinin heyətində isə 73 oyun keçirib və 15 qol vurub.

Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: