Ötən mövsümü “Turan Tovuz”da keçirmiş müdafiəçi Slavik Alxasov bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 2-ci turunda “Şamaxı” ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir. Komanda məşqlərini Buzovna qəsəbə stadionunda həyata keçirir.
Gündəlik məşqlərlə bərabər transfer çalışmaları da davam etdirilir. Naxçıvan klubu bu dəfə Slavik Alxasovla anlaşıb. 31 yaşlı cinah müdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Artıq “qırmızı-ağlar”ın məşqlərində iştirak edən Alxasov müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə” (“Şamaxı”), “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.
Ötən mövsüm “Turan Tovuz”da cəmi 7 oyun keçirmiş Slavik Alxasov vaxtilə Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
Xatırladaq ki, bu, “Araz-Naxçıvan”ın bu yay həyata keçirdiyi 11-ci transferdir. Klub daha öncə Ürfan Abbasov (“Qəbələ”), Ülvi İsgəndərov (“Qəbələ”), Ömər Buludov (“Neftçi”), Tərlan Əhmədli (“Turan Tovuz”), Turan Vəlizadə (“Neftçi”), Karlos Jatoba (“Politexnika”, Rumıniya), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”), Bernardo Oliveyra Dias (“Unian Torreense”, Portuqaliya), Felipe Santos (“Hapoel”, Hayfa, İsrail) və Ramon Maçadonu (“Sabah”, Malayziya) da heyətinə qatmışdı.
Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə də yeni müqavilə imzalanıb.
Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev isə komandanı tərk ediblər.