Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin sol cinah müdafiəçisi Slavik Alxasov qəsəbə təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Zirə” ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Slavik Alxasov ötən ilin yayında “Sabah”dan azad agent kimi ayrılaraq “Zirə” ilə 2 illik müqavilə bağlamışdı. O, bu komandanın heyətində 25 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah” və “Xəzər Lənkəran”da da oynayıb. Slavik Azərbaycanın U-21 yığmasında da forma geyinib.
“Zirə” bu yay Alxasova qədər Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui, Donald Gerye və Nemanya Andelkoviçlə də yollarını ayırmışdı.
Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə isə klubla yeni müqavilə bağlayıb. “Zirə” gedənlərin əvəzində Məqsəd İsayev, İsmayıl İbrahimli (“Qarabağ”dan icarə), Ruan Renato, Fuad Bayramov (“Şamaxı”dan icarə), Tiaqo Silva, Pyer Zebli və Salifu Suma kimi futbolçularla güclənib.


